15 Mar '19

EMIN “СИНЯЯ ВЕЧНОСТЬ” MAHNISININ 50-İLLİYİ MÜNASİBƏTİLƏ ALESSANDRO SAFINA İLƏ DUET TƏQDİM EDİB

EMIN opera və estrada ifaçısı Alessandro Safina (Alessandro Safina) ilə birgə Müslüm Maqomayevin “СИНЯЯ ВЕЧНОСТЬ” mahnısını təqdim edib. Müğənnilər bu mahnını italyan və rus dillərində ifa ediblər.

Mahnını yükləmək və dinləmək
YouTube-da videoya baxmaq

Bu əfsanəvi mahnının yaradılmasından 50 il keçir. Artıq yarım əsrdir ki, bütün dünyada sevilə-sevilə ifa edilən bu mahnının musiqisi Müslüm Maqomayevin, sözləri Gennadi Kozlovskinindir.

Alessandro Safina etiraf edir ki, bu mahnını ilk dəfə taksidə gedirkən radio ilə eşidib və mahnı onu o qədər heyran edib ki, dərhal ona “vurulub”. Sonra Bakıda “ЖАРА” beynəlxalq musiqi festivalında həmin mahnını dostu ilə birlikdə tərcümə edərək doğma italyan dilində ifa etməyi qərara alıb.
Alessandro deyir: “Mən maestro Maqomayevi çox sevirəm. Çox istəyirdim ki, bu mahnını onun kimi ləyaqətlə ifa edim”.

Bu möhtəşəm çıxışdan sonra EMIN “СИНЯЯ ВЕЧНОСТЬ” mahnısını iki dildə birgə yazdırmağı təklif etdi və nəticədə həm mahnının özünə, həm də bütövlükdə Müslüm Maqomayevin yaradıcılığına sevgini özündə birləşdirən bir duet alındı.

EMIN deyir: “Müslüm Maqomayev mənim tanıdığım və qarşılaşdığım ən böyük artist idi. “СИНЯЯ ВЕЧНОСТЬ” - onun səsinin bütün gözəlliyini üzə çıxaran mütləq hitdir. Bu mahnı mənim üçün də çox mühüm rol oynayıb. Mən öz solo konsertlərimdə həmişə onu ifa edirəm, bununla sanki, Müslüm Maqomayevlə əlaqəmiz davam edir. Mən həmişə fikirləşirdim ki, bu mahnı bütün dünyada tanınmağa layiqdir və müxtəlif dillərdə oxunmalıdır. Buna görə, bizim festivalda Alessandro Safinanın ifasında bu mahnını eşidəndə anladım ki, onu iki dildə yazdırsaq əla olar. Məncə, birgə işimiz çox gözəl və ən əsası, çox səmimi alınıb”.

Çoxları bilmir ki, bu mahnı əvvəlcə məhz italyan eskizi və sətirlər (musiqiçilərin jarqonunda “balıq” deyilir) əsasında yaradılıb, mahnının indiki forması və sözləri sonradan əmələ gəlib, indi onu bütün dünyada bilirlər oxuyurlar:
“О море, море…”